10/08/2026
PEYVƏNDLƏR – UŞAQLARIMIZIN SAĞLAM GƏLƏCƏYİ ÜÇÜN
Peyvəndləmə uşaqları bir sıra ciddi və yoluxucu xəstəliklərdən qorumağın ən effektiv vasitələrindən biridir. Peyvəndlərin vaxtında və tam aparılması həm uşağın fərdi sağlamlığının qorunmasına, həm də cəmiyyətdə yoluxucu xəstəliklərin yayılmasının azalmasına kömək edir.
Peyvənddən imtina etmək və ya peyvəndləri vaxtında etdirməmək hansı riskləri yarada bilər?
Peyvənd olunmayan və ya peyvəndləri tam tamamlanmayan uşaqlar qızılca, göyöskürək, poliomielit, difteriya, tetanus və digər ciddi yoluxucu xəstəliklərə qarşı daha yüksək risk altında ola bilərlər.
Bu xəstəliklərin bəziləri sadəcə qısa müddətli narahatlıqla məhdudlaşmır. Ağır hallarda:
pnevmoniya və tənəffüs çatışmazlığı;
beyin və sinir sistemi ilə bağlı ağırlaşmalar;
eşitmə və digər funksiyaların zədələnməsi;
uzunmüddətli sağlamlıq problemləri;
xəstəxanaya yerləşdirilmə ehtiyacı və digər ciddi fəsadlar yarana bilər.
Unutmayaq: Peyvəndin gecikdirilməsi və ya peyvənddən imtina yalnız uşağın özünü deyil, ətrafındakı digər insanları da yoluxma riski ilə üz-üzə qoya bilər.
Valideynlərə tövsiyə olunur ki, uşaqlarının peyvənd təqvimini vaxtında izləsin və peyvəndlərlə bağlı hər hansı sual və ya tərəddüd yarandıqda tibb işçisinə müraciət etsinlər.
Övladınızın sağlamlığını qorumaq üçün peyvənd təqviminə əməl edin.