10/09/2026
Ərşad Əzimzadə
DURNA BULAĞI
romandan parça
“Region” televiziya şirkətinin müdiri işə gələn kimi “Dünyamız hara gedir?” proqramının redaktor-aparıcısını yanına çağırdı və salamsız-kəlamsız soruşdu: “Sənin o İdrak Dərvişin sağdı?”. Qarın basmış müdirin kobud rəftarına heç cürə alışa bilməyən gənc aparıcı onun ətli sifətinə diqqətlə baxdı. Öz bulanıq beynində loğman-jurnalist haqqında “xatalı adam” obrazı formalışdırmış kişinin belə erkən onu yanına çağırması və dərin etiram bəslədiyi bir şəxsiyyətlə bu formada maraqlanması gənc aparıcını həm təəccübləndirdi, həm də incitdi. Qabaqlar “İnsan xisləti” adlı ikinci proqram açmaq, İdrak Dərvişi daimi qonaq qismində verilişlərə dəvət etmək haqda söhbət salanda, müdir üzünü bozardıb, özünə məxsus bir kobudluqla, sözünü ağzında qoyurdu: “Çox zilə çıxma! Bir proqram veriblər, allahına şükür elə. Başını sal aşağı, külfətini dolandır”. Nəsihətini verib qutarandan sonra, bulanıq gözləri ilə divarların künc-bucağına, təvana baxırdı. Axtardığını aşkar edə bilməyəndə, “ürək sözlərini” deyirdi. Hər etimala qarşı, yoğun səsini içində əyirib pıçıltı səviyyəsinə endirirdi, xeyirxah ata “qayğısı” ilə nəsihət verirdi: “Cavansan, hələ çox şeyi bilmirsən. Zamana qarışıq zamanadı. Seçmək olmur: dost kimdi, düşmən kimdi. Odur ey, bir vaxt Kişi Ramiz Ənvəroviçi zibilxanadan götürüb gətirdi aparata, elədi ölkənin ikinci şəxsi. İndiki prezidentimiz də dövlətin ən yüksək ordenini asdı onun boynundan. İndi alnına “xalq düşməni” damğası vurub, eliyiblər ev dustağı. Hələlik qol-qanadını budayırlar. Dayaqlarını doğruyandan sonra bir gün baltanı dibindən vuracaqlar. Hardan bilək ki, sənin o loğmanın Mehdiyevin adamı deyil?”.
Gənc aparıcı həm çox sevdiyi bir şəxsiyəti, həm də öz mövqini müdafiə etməyə yarayan bütün arqumentləri meydana çıxartdı. Dedi, əvvala, bu adam düz 60 il ölkənin aparıcı qəzetlərində qüsursuz işləyib. İkincisi, Zoru Balayan, Silva Kaputikyan, Aqanbekyan iki qonşu arasında düşmənçilik toxumu səpəndə, İran, Rusiya, Fransa, Amerika erməni separatçılarını qızışdırıb üstümüzə qaldıranda AXC-ni “Müdafiə xətti” kimi quranlardan biri olub. “Cəbhəyə” soxulan dələduzlar talançılıqla məşqul olmağa başlayanda, “mən qaragüruhçu dəstənin üzvi olmaq istəmirəm” kimi sərt bəyanat verib, AXC-dən çıxıb. Amma döyüş meydanından çıxmayıb – cəhalətə qarşı təkbaşına vuruşur. Sağlam Həyat tərzinin köməyi ilə özünü 8 ağır xəstəlikdən xilas edəndən sonra, bir-birinin ardınca 30-dabn çox elmi-publisistik və bədii əsər yazıb. Qələmi yerə qoymayıb. İdrak Dərvişin bir üzü var, onun cəbhəsi də bəllidi, silahı da, düşməni də bəllidi, dostu da. Heç nəyi gizlətmir, açıqca yazır: “Öz canının dostu – mənim də dostumdu, öz canının düşməni – mənim də düşmənimdi”. Amalı da bəllidir: Sağlam Həyat tərzi haqqında hazırladığı Qanun qəbul olunsun. Əvvəl Azərbaycanda, sonra isə BMT-də. Meydanda tək olsa da, ümidsiz deyil. Deyir ki, əşrin Baş Qanunu gec-tez qəbul olunacaq. İntahası, Sağlam Həyat tərzinin düşmənləri yaman çoxdur. Xəstələrə müştəri kimi baxan qəssab həkimlər, əhalini zəhər-qidalarla və zəhər-dərmanlarla qıran istehsalçılar və ticarətçilər, reklam şirkətləri, bütün cahillər və qarınqulular, çörəyi müharibədən çıxan hərbiçilər və alimlər, dünyanın bütün saxtakar siyasətçiləri, süni intellekt hesabına milyardlar qazananlar. Hansını deyim! İdrak müəllimin dərdi bir adam, bir rayon, bir ölkə dərdi deyil, bütün Kainatın dərdidir. O. Bütün Kainatı vahid cism kimi qəbul edir. Çünki Kainatın bir nöqtəsində baş verən ağrı bütün bədənə vurur. Hamı əzab çəkir. Bu gün təcavüzkar Rusiya Ukrainada, Amerika ilə İsrail də İranda qan tökür. Amma ağrını bütün Yer kürrəsi hiss edir. İnsan niyə insanın qanını tökür? İdrak Dərviş bu faciənin səbəbini də bilir, çarəsini də. Heç bir dövlət onun kimi insanlara qulaq asmır. Çünki dünyanı kamil insanlar, aqillər deyil, pul və sərvət düşkünləri idarə edir.
Müdirr aparıcının bu sözlərindən bərk-bərk yapışdı:
-Ə, indi sən istəyirsən, bizim bu cırtdan TV o boyda orduya zidd getsin? Bir fikirləş: biz çörəyi hardan qazanırıq? Heç görmüsən hansı bir teleşirkət kökü, sarımsağı, kələmi, limonu, almanı reklam eləsin? Görməmisən. Niyə? Ona görə ki, meyvənin, tərəvəzin sponsoru yoxdu. Niyə yoxdu? Ona görə ki, can sağlığının sponsoru yoxdu. Təzə proqram açmaq istəyirsən? Çox gözəl, çox pakizə. Sponsor tap, günü sabah şefi razı salım, aç.
Gənc aparıcı acı həqiqətin qarşısında aciz qaldı, daha yeni veriliş açmaq barədə danışmadı, müdirin yanında loğmanın adını dilə gətirmədi. İndi bu gün müdir özü işə gələn kimi onu yanına çağırıb, kobud formada olsa da, loğmanın varlığı ilə maraqlanıb. Xeyir ola?
-Bəli, sağdı. Bir az da cavanlaşıb. Bir cavan qadınla aylə qurub. Bu yaxınlarda övladları olacaq.
-Nə? Doxsan yaşında kişinin uşağı olacaq? – Bədənini pinti ət basmış müdir təəccübünü gizlədə bilmədi. Şit-şit güldü: - Görünür, cavan qonşusu var, yaxşı çalışıb.
Kabab və araq ölüsü olan müdirin şit gülüşü, ondan da çox fenomen insanın imkanını və həyat yoldaşının təmizliyini şübhə altına almağı ürəyinə toxunsa da, gənc aparıcı incikliyini gizlətdi. Hələ də ümidi vardı ki, Sağlam Həyat tərzini təbliğ edən yeni proqram qoparda biləcək. Susdu. Müdir qaşqabaqlı halda başını aşağı salıb sönük səslə bəd xəbər verdi:
-Şefin tək bir oğlu var. Beş qızdan sonra tapıblar. O da ağır xəstədi. Doqquz yaşda uşaqda - xərçəng! Kişi tutub dişinə, dünyanı gəzdirir. Türkiyədə olub, Almaniyada olub, İsrailə aparıb. Sağalda bilmirlər. Kim isə şefin arvadına deyib ki, uşağı ancaq İdrak Dərviş sağalda bilər. Gecə şef mənə zəng vurmuşdu, tapşırdı ki, o həkimi təcili olaraq, tapıb aparım onun evinə.
-Müdir, məsələ bundadır ki, İdrak müəllim heç kimin evinə xəstə üstünə getmir. Qapısına gedən heç kəsi də naümüd qaytarmır. Deyir, cibi dolular elə bilir, pulunan bütün problemləri həll edə bilərlər, sağlamlığı da satın almaq istəyirlər. Ona görə də məni adam yerinə qoymurlar. Mənim ayağıma gəlməyi əskiklik sayırlar. O kişi kasıbların həkimidi. Çox vaxt qıymır ki, kasıblar yola pul xərcləsin – onlayn müalicə təklif edir. Amma adamlar onunla görüşmək, canlı söhbətinə qulaq asmaq, şəkil çəkdirmək istəyir. Bəzi xəstələr yekə vədlər verir: “Qoy sağalım, gör sənə nələr eliyəcəm”. İdrak müəllim də deyir: “Mənim üçün ən böyük mükəfat - xəstənin sağalmağıdır”. Qaldı tanışlıq məsələsinə. İdrak müəllim bütün insanlara eyni gözlə baxır, hamıya eyni dərəcədə yüksək qayğı göstərir. Amma kişinin öz prinsipləri var və onlardan dönən deyil. Mən onu öz prinsiplərini pozmağa məcbur edə bilmərəm. Heç etmərəm də. İstəsəniz, uşağı onun yanına apararam.
ardı var
Send a message to learn more