04/06/2026
Respublika Pediatriya Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər təşkil olunub.
Tədbirin məqsədi Mərkəzdə müalicə alan uşaqların asudə vaxtının səmərəli təşkili, onların psixoloji dəstəklənməsi, eləcə də tibb işçilərinin peşəkar inkişafına töhfə verməklə pediatrik xidmətlərin keyfiyyətinin artırılmasına dəstək göstərmək olub.
İki hissədən ibarət olan tədbirin ilk mərhələsində Uşaq Nevroloji Xəstəxanasında müalicə və reabilitasiya alan uşaqlar üçün xüsusi əyləncə proqramı təşkil edilib. Proqram çərçivəsində köpük şousu nümayiş olunub, müxtəlif personajların iştirakı ilə interaktiv oyunlar və əyləncəli səhnəciklər təqdim edilib. Həmçinin üzboyama fəaliyyəti təşkil olunaraq uşaqların tədbirdə daha fəal iştirakı təmin edilib.
Əyləncə proqramının davamı olaraq personajlar tibb müəssisəsinin şöbələrini ziyarət edərək şou-proqramda iştirak etmək imkanı olmayan uşaqlar üçün qısamüddətli oyunlar və müxtəlif əyləncəli fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs uşaqların bayram sevincini xəstəxana şəraitində də yaşamalarına imkan yaradıb.
Tədbirin ikinci hissəsində “Tibb personalı üçün inkişaf forumu” keçirilib. Forum çərçivəsində “Qorxan uşağa necə yaxınlaşmalı?”, “Tükənmişlik sindromu: pediatrlarda görünməyən problem”, “Uşaq evin güzgüsüdür: ailələrin görünməyən tərəfləri” və “Valideynlə kommunikasiya” mövzularında təqdimatlar edilib.
Sahə mütəxəssislərini bir araya gətirən forum tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılmasına, pediatrik xidmət zamanı effektiv kommunikasiya və müasir psixoloji yanaşmaların tətbiqinə dəstək göstərilməsi məqsədi daşıyıb.
Respublika Pediatriya Mərkəzi uşaqların sağlamlığının qorunması və onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir.