16/09/2026
Elmi fəaliyyətimdən daha bir nəticəni sizinlə bölüşmək istəyirəm.
Yıldız Teknik Universitetindən həmkarlarım Prof. Dr. Mehmet Engin Deniz və Dr. Hacer Yıldırım Kurtuluşla birlikdə apardığımız Azərbaycan–Türkiyə müqayisəli tədqiqatında qadınların öz bədənlərinə münasibəti, özünə şəfqət və cinsi özünüdərk arasındakı əlaqələri araşdırmışıq.
Tədqiqata Türkiyədən 343, Azərbaycandan isə 300 olmaqla ümumilikdə 643 qadın qatılıb. Nəticələr göstərib ki, qadının öz bədəninə daha müsbət münasibəti onun özünə daha şəfqətli yanaşması ilə əlaqəlidir. Özünə şəfqət yüksəldikcə intim münasibətlər zamanı özünə həddindən artıq fokuslanma və utanma göstəriciləri də azalır.
Araşdırmanın mənim üçün xüsusi əhəmiyyət daşıyan tərəflərindən biri Azərbaycan nümunəsinin beynəlxalq müqayisəli tədqiqatda təmsil olunması, eyni zamanda, qardaş Türkiyə Respublikasının alimləri ilə elmi əməkdaşlığımızın konkret nəticəyə çevrilməsidir. Hesab edirəm ki, Azərbaycan psixologiyasının inkişafı yalnız nəzəri müzakirələrlə deyil, etibarlı metodologiyaya əsaslanan tədqiqatlar və beynəlxalq elmi əməkdaşlıqla mümkündür. Bu baxımdan Türkiyənin nüfuzlu universitetləri və elm adamları ilə birgə araşdırmaların aparılması bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Məqaləmiz 2024-cü ildə “Studia Psychologica” jurnalında dərc olunub. Jurnal Web of Science – SSCI, Scopus, PsycINFO və DOAJ kimi beynəlxalq elmi bazalarda indekslənir.
Dəyərli elmi əməkdaşlığa görə həmkarlarım Prof. Dr. Mehmet Engin Deniz və Dr. Hacer Yıldırım Kurtuluşa təşəkkür edirəm.
Hər zaman dediyimiz kimi, yolumuz elm yoludur!
📖 Məqalə ilə tanış olmaq üçün:
https://doi.org/10.31577/sp.2024.01.892