18/05/2026
30 aprel – 2 may 2026-cı il tarixlərində Bakı şəhərində laborator tibb sahəsində regionun ən nüfuzlu elmi platformalarından biri hesab olunan 4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo 2026 uğurla keçirildi. ı.
Açılış mərasimində çıxış edən AZKLMİB-in sədri Dos. Dr. Ramin Bayramlı laborator tibb sahəsində son illərdə əldə olunan uğurlardan, beynəlxalq əməkdaşlıq imkanlarından və AZKLMİB-in həyata keçirdiyi layihələrdən bəhs etdi. O qeyd etdi ki, Azərbaycan laborator tibb sahəsində regionun aparıcı elmi mərkəzlərindən birinə çevrilməkdədir.
Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli geniş məruzə ilə çıxış edərək ölkədə səhiyyə sisteminin modernləşdirilməsi, laborator xidmətlərin keyfiyyətinin artırılması və diaqnostik imkanların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlardan bəhs etdi. O, laborator tibbin müasir səhiyyə sisteminin ayrılmaz və strateji sahələrindən biri olduğunu vurğulayaraq, erkən diaqnostika, xəstəliklərin effektiv monitorinqi və düzgün müalicə qərarlarının qəbulunda laborator müayinələrin mühüm rol oynadığını diqqətə çatdırdı.
Konqres çərçivəsində Azərbaycanın görkəmli mikrobioloqu, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Zakir Qarayevin 85 illik yubileyi də qeyd olundu. Tədbirdə alimin həyat və elmi fəaliyyətini əks etdirən xüsusi videoçarx nümayiş etdirildi. Ardınca professorun zəngin elmi irsi və Azərbaycan mikrobiologiyasının inkişafındakı xidmətləri barədə məruzə ilə Prof. Misir Mərdanov çıxış etdi.
Açılış mərasimində Türkiyədən qatılan elmi cəmiyyətlərin nümayəndələri də iştirak etdilər. Klinik Biokimya Uzmanlıq Dərnəyinin sədri Prof. Dr. Dildar Konukoğlu beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətindən danışaraq Azərbaycan laborator tibb mütəxəssislərinin regionda artan nüfuzunu xüsusi vurğuladı.