05/08/2026
0–3 aylıq körpələr üçün peyvəndlər – sağlam həyatın ilk addımı
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pediatrı Aynurə Qurbanova 0–3 aylıq körpələr üçün peyvəndlərin əhəmiyyəti barədə məlumat verib.
Həkim bildirib ki, körpələrin həyatının ilk aylarında tətbiq olunan peyvəndlər onların immun sisteminin güclənməsinə kömək edir və bir sıra təhlükəli yoluxucu xəstəliklərdən qorunmasını təmin edir. Vaxtında vurulan peyvəndlər həm uşağın sağlam böyüməsinə, həm də cəmiyyətdə yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına mühüm töhfə verir.
Aynurə Qurbanovanın sözlərinə görə, 0–3 aylıq dövrdə tətbiq olunan peyvəndlər uzun illər aparılan elmi tədqiqatlar nəticəsində təhlükəsizliyi və effektivliyi sübut olunmuş profilaktik vasitələrdir. Buna görə də valideynlər övladlarının peyvəndlərini Milli Peyvənd Təqviminə uyğun olaraq vaxtında etdirməli, bu barədə həkim tövsiyələrinə əməl etməlidirlər.
Həkim vurğulayıb ki, körpələrin ilk aylarında aparılan peyvəndlər onların sağlam gələcəyinin formalaşmasında mühüm rol oynayır və infeksion xəstəliklərdən etibarlı qorunmanın əsas vasitələrindən biridir.
Peyvənd etdirin – övladınızı sağlam gələcəyə inamla hazırlayın!