03/08/2026
Peyvənd – körpənizin sağlam gələcəyinin etibarlı təməlidir.
Peyvənd uşaqları bir çox təhlükəli və yoluxucu xəstəliklərdən qorumağın ən etibarlı və effektiv üsullarından biridir. Xüsusilə həyatın ilk 3 ili uşağın immun sisteminin tam formalaşmadığı dövr olduğundan, bu yaşlarda aparılan peyvəndlər körpənin sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Qax Rayon Mərkəzi Xəstəxanasında körpələrin sağlam inkişafı və yoluxucu xəstəliklərdən qorunması məqsədilə Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndlər ödənişsiz həyata keçirilir.
Qax Rayon Mərkəzi Xəstəxanasının həkim- pediatrı Vüsalə Əlimovanın məsləhətinə görə, peyvəndələri vaxtlı vaxtında olunan uşaqlar gələcəkdə həmin infeksiya ilə qarşılaşdıqda xəstələnmir və ya xəstəliyi daha yüngül keçirir. Difteriya, göyöskürək, tetanus, poliomielit, qızılca, məxmərək, epidemik parotit, hepatit B və digər təhlükəli xəstəliklərə qarşı vaxtında peyvənd olunmaq ciddi fəsadların və ölüm hallarının qarşısını almağa kömək edir.
0–3 aylıq dövrdə Hepatit B, BCG,hexaxim, pnevmokok peyvəndləri vurulur. Bu peyvəndlər körpələri təhlükəli yoluxucu xəstəliklərdən qorumağa və sağlam inkişafını dəstəkləməyə kömək edir.
Valideynlər peyvəndlərin vaxtında vurulmasına diqqət yetirməli, peyvənd cədvəlinə əməl etməli və hər hansı sual yarandıqda pediatr və ya ailə həkimi ilə məsləhətləşməlidirlər. Peyvənddən sonra yüngül hərarət, inyeksiya yerində qızartı və ya ağrı kimi müvəqqəti reaksiyalar normal hesab olunur və adətən qısa müddətdə keçir.