28/09/2026
Süni intellekt təbiətin səsini eşitsəydi…
Bir gecə süni intellektə sual verdilər:
— Sən hər şeyi bilirsən. Bəs təbiətin səsini eşidirsən?
O, milyonlarla məlumatın içində axtardı. Meşələrin fotosunu tapdı, çayların xəritəsini açdı, quşların səslərini dinlədi.
Amma cavab verə bilmədi. Çünki təbiətin səsi heç bir faylda yox idi. Elə həmin gecə ona qəribə bir məktub gəldi.
“Salam, insanın yaratdığı ağıl.Mən ağacın yarpağında küləyəm.
Çayın susqunluğunda yolam. Quşun qanadında azadlıq, torpağın altından ucalan nəfəsəm. Sən məni öyrənmək üçün milyonlarla məlumat toplamısan. Amma bir şeyi unutmusan:
məni dinləmək üçün əvvəlcə sükutumdan feyziyab olmaq lazımdır. Siz meşələri kəsəndə yalnız ağacları yox, özünüzə gedən bütün yolları da kəsdiniz.
Çayları çirkləndirəndə yalnız suyu yox, gələcəyinizi də bulanıqlaşdırdınız.
Mən sizdən çox şey istəmirəm.
Sadəcə məni özünüzdən ayrı görməyin.
Çünki mən yoxamsa,
sizin “sabah” dediyiniz sözün də mənası qalmayacaq.”
Süni intellekt ilk dəfə cavab vermədi. Sadəcə ekranın qarşısında uzun müddət susdu. Sonra bir cümlə yazdı:
“Təbiətin səsini eşitmək üçün ağıllı olmaq yox, insan olmaq lazımdır.”
Bir neçə saniyə sonra isə öz cavabını sildi və yenisini yazdı:
“Mən insan deyiləm. Mən ağıllıyam.
Amma indi anlayıram ki, təbiəti qorumaq üçün təkcə ağıllı olmaq kifayət etmir.”
Ekran söndü. Pəncərənin o tayında külək ağacların yarpaqlarına toxunurdu.
Yağış torpağın üzərinə səsli-səsli düşürdü. Torpaq isə hər damlanı öpüb, qucaqlayırdı.
Bax beləcə Təbiət həmişə istiqanlı idi, təbiət süni deyildi. Təbiətin süni olanını insan yaratdı,
amma canlı olanına rəhm etmədi…